Həyat hekayəsi
Orucov İlqar Qaraş oğlu 1964-cü ilin mart ayının 8-də Qərbi Azərbaycanın Sisiyan rayonu Şəki kəndində dünyaya göz açıb. 1971-ci ildə Sisiyan rayon orta məktəbində təhsil almağa başlayıb. Məktəb dövründə xasiyyəti və çalışqanlığı ilə uşaqdan böyüyə hər kəsin sevimlisinə və dostuna çevrilmişdir. 8-ci sinifi bitirdikdən sonra, 1979-cu ildə Sumqayıt şəhərinə ailəsi ilə birgə köçmüşdür. Həmin ildə də Sumqayıt şəhər Peşə Məktəbinə (Politexnik) daxil olub, təhsilini elektrikçilik sahəsi üzrə davam etdirmişdir.
1980-1982-ci illərdə Sumqayıt şəhər “Gənclik” klubu nəzdindəki musiqi kursunda gitara ixtisası üzrə uğurlu təhsil almışdır. Müəllimi çox hörmətli ustad Malik müəllim olmuşdur. Bir çox məclisləri musiqiçi kimi idarə edirdi və çox sevilirdi. Bacısının qızının toyunu da şəxsən özü idarə etmişdir. 24 noyabr 1982-ci ildə Rusiyanın Tomsk vilayətində daxili qoşunlarda hərbi xidmətə başlamışdır. 31 dekabr 1982-ci ildə ştat üzrə (ВУС 014) hərbi atıcı adını qazanmışdır. Hərbi xidmət dövründə orada elektrikçi olaraq çalışırdı. 1983-cü ildə hərbi xidmətini uğurla başa vurub geri dönmüşdür. 3 il Sumqayıt şəhər Korporativ Betonzavodda prorab vəzifəsində çalışıb.
24 oktyabr 1989-cu ildə Aida xanımla ailə həyatı qurmuşdur. 22.08.1990 təvəllüdlü Esmira adlı qız, 16.11.1992 təvəllüdlü Emin adlı oğul övladları vardır. Uzun illər elektrikçi olaraq çalışmışdır, daha sonra taksi fəaliyyəti üzrə işləməyə davam etmişdir. 2016-2019-cu illərdə “Xırman” şirkətində sürücü vəzifəsində çalışdı.
Milliyyəti - azərbaycanlıdır. Siyasi baxışı, Partiya – YAP, Sevdiyi rəng – qırmızı, Sevdiyi ifaçılar – elektrogitarist Rəmiş, Könül Xasıyeva, Elnarə Abdullayeva, Aygün Bəylər, Əflatun Qubadov.
Hər kəsin məsləhət yeri, hər kəsin hörmət etdiyi şəxsiyyət idi. Çox anlayışlı, həlim və ürəyi açıq biri idi. Ailəsinə, övladlarına gözəl həyat yoldaşı, əvəzsiz ata oldu. Hər zaman dəstək olmağı bacarırdı. Deyib-gülən, zarafatlaşan, heç kimin qəlbini qırmayan, çox həssas ürəyə malik idi. Olduqca təvazökar və sadə idi.
Zamansız ölümü ilə hər kəsə ağır dərd verərək, 17 dekabr 2019 - cu ildə seher saat 08:00 - 12:00 dək qəfldən halı pisləşərək Bakı şəhərinə təcili tibbi yardım maşını ilə xəstəxanaya çatdırılan zaman yoldaca dünyasını dəyişdi.
Zaman keçsə də, illər ötsə də, hər zaman hamının qəlbində əvəzsiz iz qoyub getdi.
Sumqayıt şəhər Corat qəbristanlıgında torpaga tapşırılıb.